“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı”nın ikinci fazasına başlanılıb

Bu mərhələdə proqrama 100 nəfər əlilliyi olan şəxs cəlb olunacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BP-British Councilin birgə layihəsi olan “Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı”nın ikinci fazasına başlanılıb.  

Bununla əlaqədar nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Bakı şəhər Məşğulluq İdarəsində BP-British Councilin nümayəndələri ilə görüş olub. Məşğulluq mərkəzlərinin nümayəndələri üçün proqram barədə təqdimat da keçirilib.

Proqram əlilliyi olan şəxslərin əmək bazarına çıxışının dəstəklənməsinə, bunun üçün onların əmək bazarında tələb olunan müəyyən bacarıqlara yiyələnmələrinə dəstək məqsədi daşıyır.

Proqramın ikinci fazası 2020-ci ilin avqust ayına kimi davam edəcək və bu mərhələdə Bakı şəhəri üzrə 100 nəfər əlilliyi olan şəxs proqrama cəlb olunacaq. Onlara ingilis dili, kompyuter bacarıqları tədris olunacaq, psixoloji konsultasiya aparılacaq. Namizədlərin seçimi British Council tərəfindən həyata keçirilir. Digər tərəfdən, müvafiq sahələrdə fəaliyyət göstərən qərarverici tərəflər və biznes müəssisələri də tərəfdaş qismində layihəyə cəlb ediləcək.

Qeyd edək ki, ötən il 90-a yaxın əlilliyi olan şəxs bu proqrama cəlb olunaraq təlimlərdə iştirak edib. Onlardan 26 iştirakçı artıq işlə təmin edilib, 20-ə yaxın iştirakçı isə müxtəlif müəssisələrdə təcrübə keçib.