Əmək münasibətlərinin rəsmiləşdirilməsi qaydası və bunun üstünlükləri barədə maarifləndirmə tədbiri keçirildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Qusar rayonunda işəgötürənlər üçün maarifləndirmə tədbiri keçirib. Tədbirin mövzusu “Əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi, xitam verilməsinin əsasları qaydaları” olub.

Bildirilib ki, işəgötürən ilə işçi arasında əmək münasibətləri əmək müqaviləsi bildirişi Nazirliyin Mərkəzləşmiş Elektron İnformasiya Sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilərək qeydiyyata alındıqdan və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərildikdən sonra yaranır. Öncə işçi ilə işəgötürən arasında yazılı əmək müqaviləsi bağlanır, müqavilənin bildirişi elektron qaydada qeydiyyata alındıqdan sonra işçi işə başlaya bilər.

İştirakçılara  əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları barədə ətraflı məlumatlar verilib. Maarifləndirici bukletlər paylanıb və iştirakçıların əmək qanunvericiliyi ilə bağlı sualları cavablandırılıb.