Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən daha 6 nəfər əlilliyi olan şəxs Türkiyənin Ankara və Antalya şəhərlərində əlilliyi olan şəxslər üçün təşkil olunan peşə dərnəklərinə təcrübə kursuna yola salınıb.
Onlar Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin yetirmələridir və 1 nəfəri Vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsdir.
Onlar 2 ay Türkiyədə “Əngəlsiz Gülümsə”, “Əngəllilərə Könüllü Dəstək” və “Əngəlsiz Həyat” adlı beynəlxalq layihələrdə iştirak edəcək. Həmçinin peşə dərnəklərində təcrübə kurslarına cəlb olunacaq, Mərkəzdə öyrəndikləri peşələrə uyğun biliklərini artıracaqlar.
Avropa Həmrəylik Korpusu Proqramı üzrə və Agentliklə“Sağlam Düşüncə” Gənclər Təşkilatının əməkdaşlığı çərçivəsində icra olunan bu layihə Peşə-əmək Reabilitasiyası Mərkəzinin yetirmələri ilə qardaş ölkənin müvafiq peşə dərnəkləri müdavimlərinin təcrübə mübadiləsini nəzərdə tutur.
Ötən dövrdə Mərkəzin 87 yetirməsi bu təcrübə mübadiləsi proqramında iştirak edib. Onlardan 6-sı Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir.
Sosial şəbəkələrdə də bizi izləyin: