Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Dəstək Mərkəzinin dəstəyi ilə yeni layihəyə - sığınacaqda məskunlaşmış uşaqlar üçün art terapiya seanslarının təşkilinə başlanıb.
“Təmiz Dünya” Qadınlara Yardım” İctimai Birliyinin sığınacağında yaşayan 35 uşaq bu layihəyə cəlb olunub. Seanslar hər yaş qrupu (3-6 yaş qrupu, 7-10 yaş qrupu, 11-16 yaş qrupu) üçün və hər bir seans 50 dəqiqə olmaqla keçirilir.
Məqsəd bu kateqoriyadan olan uşaqların ehtiyac duyduqları sosial-psixoloji dəstək xidmətləri ilə əhatə olunmalarıdır. Layihəyə təcrübəli psixoloqlar cəlb olunublar.
Uşaqlarda sığınacağa qədərki dövrdə qarşılaşmış olduqları hansısa hadisə nəticəsində formalaşmış fobiya, stres, depressiya, təşviş və s. pozuntular psixodiaqnostik testlər tətbiq olunmaqla aşkar edilir və art terapiya seansları vasitəsilə bu pozuntuların aradan qaldırılması işləri aparılır.