Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilib.
Prezident İlham Əliyevin Sərəncamları ilə 20 Noyabr tarixi Ağdam Şəhəri Günü kimi qeyd olunur və “Ağdamın azad olunmasına görə” medalı təsis edilib.
2020-ci il noyabrın 23-də dövlətimizin başçısı Ağdamın mərkəzində Azərbaycanın üçrəngli bayrağını ucaldıb.
Şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdamda da geniş tikinti-quruculuq işləri həyata keçirilir. Xarabalıqlar üzərində yeni, müasir Ağdam qurulur.
“Böyük Qayıdış” proqramı çərçivəsində Ağdam şəhəri və kəndləri yenidən tikilir. Ağdamda infrastruktur layihələri icra olunur, yollar inşa edilir, yeni istehsal müəssisələri yaradılır, yaşıllıqlar salınır, ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənir.