Nazirlər Kabinetinin 2021-ci il 6 aprel tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası"nda əksini tapan yeni qaydalarla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları üçün təlimlər keçirilib.
İyunun 5-də keçirilən onlayn təlimdə Nazirliyin Aparatının struktur bölmələrinin rəhbərlərindən ibarət 20 iştirakçıya qiymətləndirmənin yeni qaydaları barədə məlumat verilib. Cari ildə yeni qaydalar əsasında qiymətləndirmənin aparılmalı olduğu diqqətə çatdırılıb. Həmçinin mövzu ilə əlaqədar hazırlanmış təqdimat iştirakçılara nümayiş olunub.
İyulun 7-də əyani formada keçirilmiş təlimdə isə Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Aparatının və regional idarələrinin rəhbər vəzifələrdə çalışan 31 əməkdaşına da yeni Qaydalar izah olunub. Qiymətləndirmə forması vasitəsilə nümunə üçün praktiki qiymətləndirilmə aparılıb, müvafiq tövsiyələr verilib.