Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilk dəfə olaraq XV Qəbələ Beynəlxalq Musiqi Festivalında təmsil olunub.
Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”ın dəstəyi ilə keçirilən Festival çərçivəsində inklüziv mərkəzin benefisiarlarının hazırladığı əl işlərindən ibarət satış-sərgi və konsert proqramı təşkil olunub.
İnklüziv yaradıcılıq mühitinin təşviqinə dəstək məqsədilə festival iştirakçılarına “dostart.az” elektron portalı vasitəsilə Mərkəzdə hazırlanan əl işlərini əldə etmək imkanı yaradılıb. Satış-sərgidə həssas qruplara aid müəlliflərin müxtəlif üslub və texnikalarda işlədiyi 100-ə yaxın sənət nümunəsi nümayiş etdirilib.
Festivalın 3-cü günündə Mərkəz üzvləri Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində konsert layihəsi ilə çıxış ediblər.
Konsertdən əvvəl tamaşaçılara müəssisənin fəaliyyəti və əsas xidmət istiqamətləri barədə məlumatlar verilib. Bildirilib ki, 22 oktyabr 2021-ci il tarixində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə açılışı olan Mərkəzdə həssas kateqoriyalara aid şəxslərin yaradıcılıq potensialının inkişafına dəstək göstərilir, onların peşə vərdişləri və məşğulluq imkanları artırılır.
Konsert proqramı çərçivəsində Mərkəzin təlimçi və benefisiarlarının ifasında xüsusi repertuar təqdim olunub. Musiqiçiləri Əməkdar artist, Mərkəzin Musiqi yaradıcılığı departamentinin müdir müavini Emil Əfrasiyabın bədii rəhbərliyi ilə İnklüziv Ansambl, Kollektiv yaradıcılıq şöbəsinin müdiri Mustafa Mehmandarovun dirijorluğu ilə Kamera Orkestri müşayiət edib.
Qeyd edək ki, avqustun 3-dək davam edəcək musiqi bayramında Azərbaycanla yanaşı, Almaniya, Rusiya, Avstriya, Qazaxıstan, Moldova, Niderland, Özbəkistan və Vyetnamdan gələn tanınmış musiqiçilər və rəqqaslar bir araya gəliblər.