Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Urban Expo" sərgi sahəsində təşkil olunmuş xüsusi pavilyonu işini yekunlaşdırıb.
Tədbirin sonuncu günündə də Mərkəzin pavilyonu həm yerli, həm də əcnəbi ziyarətçilərin böyük marağına səbəb olub. Sərgi iştirakçıları Mərkəzin təlimçi və benefisiarının hazırladıqları unikal əl işləri ilə yaxından tanış olub, həmçinin xalçaçılıq və bədii tikmə sənəti üzrə interaktiv master-klasda iştirak ediblər.
Ziyarətçilərə Mərkəzdə həssas qruplara aid şəxslərin yaradıcılıq potensialının üzə çıxarılması, onlara sosial-psixoloji dəstəyin göstərilməsi sahəsində reallaşdırılan layihələr barədə məlumat verilib.
Sessiya çərçivəsində pavilyonda inklüzivliyin təşviqi, həssas qruplardan olan şəxslərin yaradıcılığının tanıdılması məqsədilə müxtəlif proqramlar təşkil edilib.
Məqsəd Azərbaycanda inklüziv cəmiyyətin inkişafı istiqamətində həyata keçirilən yenilikçi təşəbbüslər, dövlətin bu sahəyə diqqət və qayğısı, habelə əlilliyi olan şəxslərin sosial inteqrasiyası istiqamətində görülən işləri geniş ictimaiyyətə çatdırmaq olub.
Mərkəzin pavilyonu Azərbaycan incəsənəti, milli-mənəvi irsi və inklüziv dəyərlərinin beynəlxalq müstəvidə təbliği işinə mühüm töhfədir.