Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi ilə bağlı Komissiyanın regional görüşü keçirilib.
Nazirliyin tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı “DOST EVİ” filialında keçirilən görüşdə Komissiya üzvləri, dövlət qurumlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin və qeyri-hökumət təşkilatlarının nümayəndələri, əlilliyi olan şəxslər iştirak ediblər.
Görüşdə Dağlıq Şirvan iqtisadi rayonunu əhatə edən Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonlarında əlilliyi olan şəxslərin hüquqlarının təmin olunması sahəsində görülən işlər, onların xidmətlərə çıxış imkanları müzakirə olunub.
Komissiyanın sədri, Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov əlilliyi olan şəxslərin hüquqlarının təmin olunması istiqamətində sistemli yanaşmanın və qurumlararası əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, inklüziv cəmiyyətin inkişafı sahəsində atılan addımlar əlilliyi olan şəxslərin həyatın bütün sahələrində bərabər iştirak imkanlarının artmasını şərtləndirir.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari əlilliyi olan şəxslərin yaradıcılıq və sosial fəaliyyətlərdə iştirakının təşviqi, onların bacarıq və potensialının üzə çıxarılması istiqamətində görülən işlər barədə məlumat verib. Digər çıxışlarda Komissiyanın mandatı və fəaliyyəti, 2026-cı il ərzində həyata keçirilən tədbirlər və qarşıda duran hədəflər, Sosial Xidmətlər Agentliyinin müvafiq sahədə həyata keçirdiyi tədbirlər diqqətə çatdırılıb.
Müzakirələr zamanı ictimai məkanların, inzibati binaların, piyada yollarının və ictimai nəqliyyatın əlçatanlığının artırılması, təhsil və səhiyyə müəssisələrində əlilliyi olan şəxslər üçün müvafiq şəraitin yaradılması, sosial xidmətlərdən və məşğulluq imkanlarından istifadənin genişləndirilməsi, həmçinin informasiya və kommunikasiya vasitələrinin müxtəlif ehtiyaclara uyğunlaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda iştirakçılar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı “DOST EVİ” filialının fəaliyyəti ilə tanış olub, benefisiarların əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.