Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları Şirvan şəhər sakini, evində sosial xidmətlə təmin edilən Kvitkova Vera Kirilovnanı doğum günündə - 100 yaşının tamam olduğu gün ziyarət ediblər.
Ahılımızla görüşən Agentliyin əməkdaşları onu 100 yaşının tamam olması münasibətilə təbrik edib, can sağlığı və uzun ömür arzu ediblər. Onun bundan sonra da daim dövlət qayğısı ilə əhatə olunacağı qeyd edilib.
Vera Kvitkova ona göstərilən diqqətə görə minnətdarlığını ifadə edib.
Agentlik tərəfindən əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlilliyi olan şəxslərə evdə (səyyar) sosial xidmət göstərilir.
Hazırda qurum respublika üzrə 3200-ə yaxın tənha ahıl və əlilliyi olan şəxsi evlərində sosial xidmətlərlə təmin edir.