Sosial ödənişlərdə artım 2027-ci ildə də davam edəcək.
Ölkəmizdə həyata keçirilən sosial müdafiə tədbirləri 2027-ci ildə də genişləndiriləcək. Bu, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gələn il üçün nəzərdə tutulan büdcə göstəricilərində, xüsusilə əhaliyə ödənişlər üzrə xərclərin artımında da öz əksini tapır.
Belə ki, Fondun 2027-ci il üçün gəlirlərinin 9 milyard 221 milyon manat olması proqnozlaşdırılır. Bu göstərici qurumun cari ildəki proqnoz gəlirləri ilə müqayisədə 897,4 milyon manat (10,8 faiz) çoxdur.
Gələn il DSMF-nin xərclərinin 9 milyard 273 milyon manat təşkil edəcəyi gözlənilir. Həmin vəsaitin 8 milyard 950 milyon manatı (96,5 faiz) əhaliyə ödənişlərə yönəldiləcək.
Fondun əhaliyə ödənişlərinin gələn ilki həcmində artım xüsusilə diqqət çəkir: DSMF gələn il əhaliyə 2025-ci illə müqayisədə 1,7 milyard manat, cari illə müqayisədə isə 753,6 milyon manat çox vəsait ödəyəcək.
Nəzərdə tutulan ödənişlərin 8 milyard 669 milyon manatı pensiyaların, 280,6 milyon manatı isə sosial sığorta hesabına verilən müavinətlərin maliyyələşdirilməsinə sərf olunacaq.
Pensiya təminatının gücləndirilməsi istiqamətində artım dinamikası 2027-ci ildə də davam edəcək. Proqnoz göstəricilərinə əsasən, gələn il pensiyaların indeksasiyasının təqribən 7,5 faiz səviyyəsində olması gözlənilir.
Bunun nəticəsində orta aylıq pensiyanın 639 manata, yaşa görə orta aylıq pensiyanın isə 680 manata çatacağı proqnozlaşdırılır.