Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən beynəlxalq forumda iştirak edib.
“GOVHR FORUM 2.0: İnsan. Potensial. Rəqəmsallaşma və süni intellekt dövründə ictimai dəyərlər” mövzusunda təşkil edilmiş forum rəqəmsallaşma və süni intellekt dövründə İnsan Resursları sistemlərinin insan mərkəzli yanaşma və ictimai dəyərlərə əsaslanan bir model kimi formalaşmasında dialoq üçün beynəlxalq ekspert platforması yaratmaq məqsədi daşıyıb.
Forumda Nazirliyin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Nərmin Bayramova “Azərbaycan Respublikasında dövlət qulluqçularının qiymətləndirilməsi sistemi: müasir yanaşma və gələcək çağırışlar” mövzusunda təqdimatla çıxış edib.
Tədbirdə Amerika, Avropa və Asiya ölkələrindən müxtəlif dövlət qurumlarının rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri, akademik ekspertlər və digər şəxslər iştirak ediblər.
Səfər çərçivəsində nümayəndə heyəti Qazaxıstan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Resurslarının İnkişafı Mərkəzində, Dövlət Qulluğu Sahəsində Astana HUB-da və Qazaxıstan Respublikasının Dövlət Qulluğu Məsələləri üzrə Agentliyində, həmçinin Qazaxıstanın İnsan Resursları Menecerləri Assosiasiyasının rəhbəri ilə görüşlər keçirib, təcrübə mübadilələri aparıb.