Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərimizdə işaxtaran şəxslərin peşə hazırlığının təşkili istiqamətində tədbirləri davam etdirir.
Bu məqsədlə özəl tədris müəssisələrinin nümayəndələrinin Agentliyin Qarabağ Peşə Hazırlığı Mərkəzinə və Xankəndi şəhərinə infoturu təşkil olunub.
Onlar Qarabağ Peşə Hazırlığı Mərkəzində işaxtaran şəxslərin əmək bazarının tələbatına uyğun peşələrə yiyələnməsi üçün yaradılan şəraitlə tanış olublar.
Bildirilib ki, Mərkəzdə 48 peşə istiqaməti (dərzi, tikişçi, dizayner, aşpaz, ofisiant, bərbər, vizajist, çilingər, dülgər, tornaçı, xarrat, mebel ustası, rəngsaz, qaynaqçı, informasiya texnologiyaları və s.) üzrə tədrisin təşkili üçün imkanlar yaradılıb.
İşğaldan azad olunan ərazilərimizdə kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi üçün həmin ərazilərdə peşə kurslarının təşkilinin genişləndirilməsinin nəzərdə tutulduğu qeyd edilib.
Daha sonra infotur iştirakçıları Xankəndi şəhərində fəaliyyət göstərən bir sıra müəssisələrdə olublar. Görüşdə işğaldan azad olunan ərazilərimizə köçürülən şəxslərin dayanıqlı məşğulluğunun təmin edilməsi və işəgötürənlərin tələblərinin qarşılanması üçün özəl tədris müəssisələri ilə birgə peşə hazırlığının təşkili, bu sahədə gələcək əməkdaşlıq imkanları müzakirə olunub.