14 Noyabr – Ümumdünya Şəkərli Diabetə Qarşı Mübarizə Günüdür. Bu günün əsas məqsədi şəkərli diabet, onun yaranma səbəbləri, risk faktorları və mümkün fəsadları barədə ictimai məlumatlılığı artırmaqdır.
Şəkərli diabet insulin hormonunun çatışmazlığı və ya orqanizmin bu hormona həssaslığının azalması nəticəsində qanda şəkərin səviyyəsinin uzun müddət yüksək qalması ilə xarakterizə olunan endokrin sistem xəstəliyidir.
Susuzluq, ağızda quruluq, tez-tez və gecə sidiyə getmə, daimi aclıq hissi, normadan artıq yemək, gec sağalan yaralar, sürətli çəki itkisi və ya piylənmə xəstəliyin əsas əlamətlərindəndir. Bu simptomlardan biri və ya bir neçəsi müşahidə olunduqda endokrinoloq və ya terapevtə müraciət etmək vacibdir.
Ölkə üzrə əlilliyi olan şəxslərin diaqnozlar üzrə bölgüsündə şəkərli diabetin müxtəlif formaları qeydə alınıb. Belə ki, insulindən asılı şəkərli diabet diaqnozu ilə 8 min, insulindən asılı olmayan şəkərli diabet diaqnozu ilə 5 min, qidalanma çatışmazlığı ilə əlaqədar şəkərli diabet diaqnozu ilə 9, şəkərli diabetin digər dəqiqləşdirilmiş formaları ilə 800-ə yaxın, dəqiqləşdirilməmiş şəkərli diabet diaqnozu ilə isə mindən çox əlilliyi olan şəxs müəyyən edilib.
Şəkərli diabetin vaxtında aşkarlanması, xəstəliyin gedişinə nəzarət edilməsi və mümkün ağırlaşmaların qarşısının alınması məqsədilə mütəmadi müayinələr mühüm əhəmiyyət daşıyır.
Bu baxımdan, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində şəkərli diabetin diaqnostikası, ixtisaslı həkim müayinəsi, xəstəliyin gedişinə vaxtaşırı nəzarət məqsədilə laborator və funksional müayinələr, eləcə də ağırlaşmalar zamanı stasionar müalicə qarşılanır.
Şəkərli diabet xəstələrinə qlikemik profil, qlikohemoqlobin, qanın ümumi və biokimyəvi analizi (zülal, xolesterin, bilirubin, triqliserid, ALT, AST, sidik cövhəri, kreatinin, K, Na, Ca), elektrokardioqramma kimi müayinələrdən keçmək tövsiyə olunur.
Bununla yanaşı, xəstənin stasionar müalicəsi zamanı təyin edilən laborator və instrumental müayinələr, istifadə olunan dərman vasitələri və tibbi sərfiyyat materialları, tibbi manipulyasiyalar və qidalanma xərcləri də icbari tibbi sığorta hesabına qarşılanır.
Vətəndaşlar qeyd olunan xidmətlərdən tibbi göstəriş və ixtisaslı həkim təyinatı əsasında icbari tibbi sığortanın tətbiq edildiyi dövlət tibb müəssisələrində yararlana bilərlər.
Qanda şəkərin uzun müddət yüksək olması ürək-damar sistemi, sinir sistemi, gözlər və böyrəklərdə ciddi fəsadlara səbəb ola bilər. Bu səbəbdən şəkərli diabet xəstələrinin qan şəkərinin səviyyəsini mütəmadi nəzarətdə saxlamaları vacibdir.
Sağlam qidalanmaq, şəkər və yağ tərkibli qidaların, spirtli və şirin içkilərin qəbulunu məhdudlaşdırmaq, fiziki aktiv həyat tərzi keçirmək xəstəliyin idarə olunmasında mühüm rol oynayır.