Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin icbari tibbi sığorta üzrə xidmətləri vaxtından əvvəl doğulmuş azçəkili körpələrin müayinə və stasionar müalicəsini də əhatə edir.
Cari ilin 9 ayında vaxtından əvvəl doğulma diaqnozu ilə 117 körpəyə 276 tibbi xidmət göstərilib və bu xidmətlər icbari tibbi sığorta çərçivəsində qarşılanıb.
Bu kateqoriyadan olan körpələr hamiləliyin 37-ci həftəsi tamamlanmadan dünyaya gələn uşaqlardır. Onlar, adətən, az çəki ilə doğulur və tənəffüs sistemi xəstəlikləri, sarılıq, beyin qanaxmaları, görmə və eşitmə problemləri, inkişaf geriliyi kimi sağlamlıq riskləri ilə üzləşirlər.
Vaxtında göstərilən tibbi yardım, xüsusi neonatal qulluq və erkən reabilitasiya xidmətləri bu risklərin azaldılmasında mühüm əhəmiyyət daşıyır.
İcbari tibbi sığorta çərçivəsində həmin körpələrin sağlamlıq vəziyyətinə uyğun olaraq oksigen terapiyası, ürək-damar sisteminin monitorinqi, CPAP və ya süni tənəffüs dəstəyi, xüsusi qidalanma və digər zəruri tibbi xidmətlərlə təmin olunması işləri aparılır.
Müalicə müddətində onların nəbzi, tənəffüsü, qanda oksigen səviyyəsi və bədən hərarəti davamlı izlənilir, laborator və instrumental müayinələr aparılır.
Bundan əlavə, mümkün fəsadların erkən aşkarlanması məqsədilə vaxtından əvvəl doğulan körpələrdə görmə və eşitmə müayinələri də icbari tibbi sığorta hesabına qarşılanır. Bu çərçivədə onların retinopatiyasının (ROP) aşkarlanması məqsədilə göz, eşitmə funksiyasının qiymətləndirilməsi üçün audioloji müayinələr aparılır.