Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada Nazirlik yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib.
Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli şura üzvlərinə Milli Observatoriyanın fəaliyyəti və son nəaliyyətləri haqqında məlumat verib. Bildirib ki, Observatoriya əmək bazarının inkişafına verdiyi töhfə, innovativ yanaşmaları və analitik potensialı ilə beynəlxalq səviyyədə tanınmaqdadır.
Qurumun həyata keçirdiyi strateji təhlillər, rəqəmsal sorğu və monitorinq sistemləri, eləcə də sosial müdafiə sahəsində təqdim etdiyi qabaqcıl həllər beynəlxalq təşkilatlar və nüfuzlu ekspert platformaları tərəfindən yüksək qiymətləndirilir.
Daha sonra aparılan təhlillər və sorğu nəticələri haqqında şura üzvləri məlumatlandırılıb. Qeyd edilib ki, təhsil sistemindən əmək bazarına inteqrasiyanın təmin edilməsi istiqamətində aparılan təhlillər əsasında strateji məşğulluq sahələri, prioritet peşələr, əmək bazarında ən çox tələb olunan ixtisaslar və məzunların məşğulluq göstəriciləri müəyyənləşdirilir.
İctimai şuranın sədri Elşad Məmmədovun və digər şura üzvlərinin təklifləri dinlənilib. Milli Observatoriyanın fəaliyyətində ictimai ictirakçılığı təmin etmək məqsədi ilə şura üzvlərinin mütəmadi məlumatlandırılmasının önəmi vurğulanıb, bu mövzuda fikir mübadiləsi aparılıb.