Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın yeni tərkibinin formalaşdırılması məqsədilə seçkilərin təşkili üçün yaradılmış Seçki Komissiyasının ilk iclası keçirilib.
Komissiyanın sədri, Nazirliyin Aparatının rəhbəri Fuad Musayev “İctimai iştirakçılıq haqqında” Qanunda İctimai şuranın səlahiyyət müddətinin iki il müəyyən edildiyini və Nazirlik yanında İctimai şuranın 2 illik fəaliyyət müddəti artıq başa çatmaqda olduğundan şuranın yeni tərkibinin müəyyən olunması üçün seçkilərin keçiriləcəyini qeyd edib.
O, seçkilərin təşkili üçün yaradılmış Komissiyanın qanunvericiliyə əsasən 4-ü Nazirlik əməkdaşları, 5-i vətəndaş cəmiyyəti institutlarının nümayəndələrindən ibarət olmaqla 9 nəfərdən təşkil olunduğunu bildirib.
İctimai şuranın son 2 illik fəaliyyətinin yekunları, əldə etdiyi uğurlar barədə məlumat verilib. Şura üzvlərinin Nazirliyin fəaliyyət sahələrində ictimai iştirakçılığın və ictimai nəzarətin təmin olunmasında önəmli fəaliyyəti vurğulanıb.
Şura üzvləri ilə Nazirlik və qurumlarında mütəmadi görüşlər, tədbirlər, infoturlar, ictimai dinləmələr keçirildiyi, fikir mübadilələri aparıldığı, sosial qanunvericiliyin təkmilləşdirilməsi işlərində onların rəy və təklifləri ilə fəal iştirak etdiyi qeyd olunub.
Nazirlik yanında İctimai şura ictimaishura.az saytında keçirilən sorğuya əsasən, 2023-cü və 2024-cü ildə 19 mərkəzi icra hakimiyyəti orqanı yanında fəaliyyət göstərən ictimai şuralar arasında “İlin ən fəal İctimai şurası” seçilib.
İclasın gündəliyinə uyğun olaraq İctimai şuranın yeni tərkibdə üzvlərinin say həddinin müəyyən edilməsi və şuraya seçkilərin təşkili məsələləri müzakirə olunub. Şuranın yeni tərkibinin 9 nəfərdən ibarət olması qərara alınıb və seçkilərin keçiriləcəyi tarix müəyyən edilib.