Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi QHT nümayəndələri üçün Sumqayıt Reabilitasiya Mərkəzinə infotur təşkil edib.
Agentliyin İdarə Heyəti sədrinin müşaviri Bahadur Rzayev əlilliyi olan şəxslərə, o cümlədən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətləri barədə ətraflı məlumat verib.
Agentlik tərəfindən son illər xidmətlərin daha əlçatan, inklüziv və vətəndaş yönümlü təşkili məqsədilə icra olunan rəqəmsal və innovativ layihələr diqqətə çatdırılıb.
Tədbir çərçivəsində reabilitasiya xidmətlərinin təşkili, son illər bu sahədə aparılan islahatlara, tətbiq olunan alternativ reabilitasiya üsullarına, reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması və şəbəkəsinin genişləndirilməsi işlərinə dair təqdimat edilib.
Qurumun “Sənə özəl”, “Səsiniz olaq”, “RehaBus” layihələri, “Ağlabatan uyğunlaşdırma” mexanizmi barədə də məlumat veriilib.
İnfotur çərçivəsində iştirakçılar müasir tələblərə cavab verən reabilitasiya mərkəzində yaradılan şəraitlə, əlilliyi olan şəxslərə göstərilən tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri ilə yaxından tanış olublar.
Görüşdə reabilitasiya xidmətlərinə dair fikir mübadiləsi aparılıb, vətəndaş cəmiyyəti nümayəndələrinin rəy və təklifləri dinlənilib.