Nazir Sahil Babayev erməni qəsbkarlarına qarşı Vətən müharibəsində döyüşən şəxslərlə bağlı icra olunan sosial dəstək proqramları barədə “Azərbaycan” qəzetinə müsahibə verib. Müsahibənin əvvəli qəzetin 16 mart 2021-ci il tarixli sayında dərc edilib. “Postmüharibə dövrü: çevik sosial dəstək tədbirləri geniş miqyas alır” başlıqlı müsahibənin qəzetin 17 mart 2021-ci il tarixli sayında dərc edilmiş davamını diqqətinizə təqdim edirik:
Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanaraq orqanlarını itirmiş vətəndaşlarımızın 2020-ci ilin dekabr ayından etibarən yüksək texnologiyalı, elektron protezlərlə təminatına başlanıb. Artıq 15 hərbçi yüksək texnologiyalı protezlə təmin edilib. Həmin protezlər “Genium” sistemi üzrə hazırlanır. Yüksək aktivlik və funksionallıq dərəcəsi olmaqla, elektron oynaq əsasında hərəkətin tam və daha dəqiq tənzimlənməsinə, köməkçi vasitələr olmadan ayağa qalxaraq sərbəst, sabit, təhlükəsiz və inamlı hərəkətə, qeyri-bərabər səthlərdə də addımlamağa, dəyişən məkanlarda və məqamlarda maneəsiz dönməyə və s. imkan verir.
Qeyd olunan yüksək texnologiyalı protezlərlə yanaşı, müharibədən sonrakı dövrdə 210 qaziyə də 1220 reabilitasiya vasitəsi verilib. Bu günlərdə isə qazilərimizin mühərrikli təkərli oturacaqla təminatına başlanıb.
- Sosial ödənişlərdə artım dinamikası davam edirmi? Postmüharibə dövründə bu ödənişlərdə hansı artımlar var?
- Cənab Prezidentin tapşırığı ilə ölkə əhalisinin rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar, aparılan islahatlar sosial təminat növləri üzrə ödənişlərin hər biri üzrə ciddi artım dinamikası ilə nəticələnir. Bu pozitiv tendensiyanı 2018-2020-ci illərin sosial mənzərəsində də aydın görmək olar. Xüsusilə 2019-cu ildə reallaşan islahatlar nəticəsində minimum əməkhaqqı 2 dəfəyə yaxın artırılaraq 130 manatdan 250 manata çatdırılıb. Minimum əməkhaqqının və əməkhaqlarının artırılması sahəsində son 3 ildə atılan ciddi addımlar nəticəsində ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti göstəricisinin Avropa Sosial Xartiyasından irəli gələn normalara uyğunlaşmasına doğru əhəmiyyətli irəliləyiş əldə olunub. Bu göstərici 2018-ci ildəki 26,5 faizdən 2019-cu ildə 33,3 faizə, 2020-ci ildə 38 faizə yüksəlib.
Artım dinamikası sosial təminat sisteminin mühüm komponenti olan pensiya təminatında da özünü göstərir. Belə ki, aparılan islahatlar nəticəsində son 3 ildə pensiyaların orta aylıq məbləği 60 faiz artıb. Bu ilin əvvəlinə nisbətən isə bu artım 10 faiz təşkil edib və pensiyaların orta aylıq məbləği 330, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 361, əlilliyə görə pensiyaların orta aylıq məbləği 290, ailə başçısını itirməyə görə pensiyaların orta aylıq məbləği 267 manata çatıb.
Həmçinin son üç ildə müavinətlərin orta aylıq məbləği 95, maksimum məbləği 65 faiz artıb. Təqaüdün maksimum məbləğində 54 faiz artım baş verib və bu məbləğ 1300 manatdan 2000 manata yüksəlib. Ünvanlı dövlət sosial yardımının hər ailəyə düşən orta aylıq məbləği 63 faiz artaraq 243 manat olub. Həmin artımın əsasında, eyni zamanda ehtiyac meyarı həddinin ildən-ilə artırılması dayanır. Ehtiyac meyarı həddi 2018-2020-ci illərdə 116 manatdan 170 manata çatdırılıb ki, bu da 46,6 faiz artım deməkdir. Yaşayış minimumunun məbləği də son üç ildə 26,4 faiz artaraq 155 manatdan 196 manata yüksəlib.
Bütün bu dinamika həmin ödənişlərə yönəldilən vəsaitlərin də artırılmasını şərtləndirib. 2018-2020-ci illərdə pensiya istiqaməti üzrə ayrılan illik vəsait 36 faiz və ya 1 milyard 188 milyon manat artaraq 4 milyard 477 milyon, müavinətlərə ayrılan illik vəsait 120 faiz artaraq 613 milyon, təqaüdlərə ayrılan illik vəsait isə 3,5 dəfə artaraq 326 milyon manata çatıb. Ümumilikdə büdcədən müavinət, təqaüd, ünvanlı sosial yardım üzrə illik xərclər 97 faiz artaraq 588 milyon manatdan 1 milyard 156 milyon manata çatıb.
Bu ilin əvvəlindən pensiyalarda edilən artımlar, təqaüdlərin artımı və s. 2021-ci ildə də ödənişlərə yönəldilən vəsaitlərdə növbəti ciddi artımı şərtləndirir. Məsələn, 2021-ci ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılması üçün illik əlavə olaraq 444 milyon manat ayrılıb. Bu ilin əvvəlindən təqaüdlərin artımı və yeni təqaüdlərin təsis edilməsi üçün isə il ərzində əlavə 40 milyon manat sərf olunacaq. Yəni təkcə bu iki istiqamət üzrə artıq təqribən yarım milyard manatlıq əlavə maliyyə nəzərdə tutulur.
Hazırda dünya pensiya sistemind
ə olduğu kimi, ölkəmizdə də pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsi başlıca prioritetdir. Bununla yanaşı, Azərbaycanda sosial təminat prioritetdir sistemində humanist yanaşmalara əsaslanan islahatlar aparılıb. 2019-cu ilin əvvəlindən əmək pensiyası yaşına çatan və fərdi hesabında hətta ən kiçik məbləğdə pensiya kapitalı qeydə alınan şəxslərə əmək pensiyası hüququ verilib. 2020-ci ilin əvvəlindən yaşa görə müavinət yaşı pensiya yaşı ilə eyniləşdirilib, yəni pensiya yaşına çatsa da, pensiya hüququ yaranmayan bir çox yaşlı şəxslərin vaxtından daha erkən dövrdə yaşa görə müavinət sistemindən faydalanmasına imkan yaradılıb. Bunlardan əlavə, sağlamlıq imkanları məhdud uşaqlar arasında ailə başçısını itirmiş uşaqlara dövlətin daha bir humanist yanaşması kimi, 2020-ci ilin əvvəlindən həmin uşaqlara ailə başçısını itirməyə görə müavinəti və ya ailə başçısını itirməyə görə pensiyanı sağlamlıq imkanları məhdudluğa görə müavinətlə birgə ala bilmək hüququ verilib.
Bu kimi islahatlar, eyni zamanda yeni təqaüdlərin təsis olunması prosesi sosial təminat sisteminin əhatə dairəsinin genişlənməsinə səbəb olur. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Prezidentin aylıq təqaüdü ilə təmin olunanların sayı son iki ildə 5 dəfə artaraq 60 mindən 300 minə, il ərzində aylıq sosial müavinət alanların sayı isə 2017-ci ildəki 368,7 min nəfərdən 2020-ci ilin sonuna 401,3 minə çatıb.
Ümumilikdə, bu gün 2,4 milyonadək insan sosial təminat növləri üzrə ödənişlərlə təmin edilir.
Artım dinamikası fərdi uçot sistemi ilə əhatə olunanların sayının da çoxalması ilə müşahidə olunub. Fərdi şəxsi hesabı olanların sayı 2018-2020-ci illərdə 24 faiz artaraq 4 milyon 382 min 297 nəfər olub.
- Cənab nazir, DOST mərkəzləri şəbəkəsinin, DOST xidmətlərinin əhatəsinin genişləndirilməsi, eyni zamanda sosial sahədə elektron xidmətlərin sayının artırılması üçün hansı addımlar atılır?
- Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli fərmanı ilə yaradılan və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası dövlət sosial xidmətlərinin - əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, əlillik, reabilitasiya sahələri üzrə 132 növdə xidmətin “bir pəncərə”dən, modern və çevik, tam şəffaf mexanizmlər üzərində qurulması ilə ölkəmizin bu sahədə yeni brendini formalaşdırıb.
2019-cu ilin may ayından Bakıda 3 DOST mərkəzi istifadəyə verilib. Paytaxtın 8 rayonunun (Yasamal, Səbail, Qaradağ, Xəzər, Pirallahı, Nizami, Sabunçu, Suraxanı) sakini artıq DOST xidmətləri ilə əhatə olunub. Ümumilikdə, DOST xidmətləri ilə əhatə olunanların sayı bu ilin 1 mart tarixinə 303 mini ötüb. Vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsi isə 97 faizdir. 142 - Çağrı mərkəzi tərəfindən isə 2020-ci ildə əvvəlki ilə nisbətən 3,3 dəfə çox olmaqla 673 374 vətəndaş müraciəti cavablandırılıb. Bu ilin yanvar və fevral ayları (81 051 müraciət) da daxil olmaqla Çağrı mərkəzi vasitəsilə 956716 müraciətin cavablandırılması təmin olunub.
2021-ci ildə 4 DOST mərkəzinin (Bakının Binəqədi, həmçinin Abşeron, Bərdə və Quba rayonlarında) açılması planlaşdırılıb. Bununla ilin sonuna DOST mərkəzlərinin sayı 7-yə çatacaq. Növbəti illərdə bu mərkəzlərin şəbəkəsinin ölkəboyu genişləndirilməsi davam edəcək. Ümumilikdə, 2019-2025-ci illər üzrə Regional DOST proqramı çərçivəsində 17 DOST mərkəzi və 44 DOST məntəqəsinin açılması nəzərdə tutulur.
Prezidentin tapşırığı ilə nazirliyin elektronlaşdırma proqramı da mütəmadi genişlənir. Son iki ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən e-sosial.az portalı və fəaliyyət sahələrinə dair altsistemlər yaradılıb. Sosial təminat növləri üzrə ödənişlərin təyinatı, sosial sığorta sahəsində xidmətlər avtomatlaşdırılıb. Ölkədə ilk proaktiv xidmət kimi, 2019-cu ilin əvvəlindən pensiyaların avtomatlaşdırılmış qaydada proaktiv təyinatı sisteminə keçilib.
Ümumilikdə, son iki ildə 30-dək yeni e-xidmət, 30-a yaxın e-arayış xidməti istifadəyə verilib. Bu gün nazirliyin 34-ü proaktiv olan 61 e-xidməti, 30 e-arayış xidməti fəaliyyət göstərir. Təkcə 2020-ci ildə sosial təminat növləri üzrə 95 min təyinat, 190 minə yaxın fərdi hesabın açılması proaktiv qaydada həyata keçirilib. Nazirliyin e-xidmətlərinə ötən il 13 milyon 62 min 408 müraciət qeydə alınıb. E-arayış xidmətləri vasitəsilə isə 535 min 159 arayış verilib. “E-sosial” portalına müraciətlərin sayı 41,8 milyondan çox olub. Bu il isə hədəfimiz nazirliyin e-xidmətlərinin sayının 100-ə çatdırmaqdır. Bu isə xidmətlərimizin, artıq 80 faizinin elektronlaşması demək olacaq.
Digər tərəfdən, əmək və məşğulluq sahəsində geniş elektronlaşdırma işləri aparılır. “Məşğulluq” altsistemi qurulub və bütün vakansiyalar orada toplanır, iş və işçi qüvvəsi üçün bütün müraciətlər bu sistemdə qarşılanır. İşəgötürənlərin kağız üzərində hesabat təqdim etmə prosesi tam ləğv edilərək elektron müstəviyə keçirilib. İşsiz və işaxtaran şəxslərin qeydiyyatı elektronlaşıb, fərdi məşğulluq proqramları artıq elektron qaydada tərtib olunur. Mühüm elektron platforma kimi “Əmək münasibətləri və məşğulluq” altsistemi - ƏMAS yaradılır. Ölkə üzrə bütün işəgötürənlər üçün ƏMAS bütün əmək münasibətlərini, məşğulluq, əmək və məşğulluğa nəzarət, hesabatlılıq və təhlil funksional istiqamətlərini özündə birləşdirəcək. Eləcə də ölkənin məşğulluq xəritəsi hazırlanır. Burada ölkənin iqtisadi zonaları, inzibati ərazi vahidləri üzrə əmək bazarına aid və bütün demoqrafik göstəriciləri, peşələrin atlası və bu qəbildən digər informasiyalar toplanacaq. “Məşğul şəxslərin reyestri”, “BACAR” virtual informasiya resursu, “Elektron əmək birjası və yarmarkası” sistemi, “Monitorinq və Səyyar yoxlama”, “İctimai işlər portalı” və s. də yaradılır.
- Nazirlik ötən il pandemiyanın məhdudiyyətlərinə baxmayaraq, aktiv məşğulluq tədbirlərini, özünüməşğulluq proqramını daha da genişləndirdi. Cari il üçün bu sahədə, həmçinin qeyri-leqal məşğulluğun qarşısının alınması istiqamətində hansı hədəfləriniz var?
- Ötən il, ümumilikdə, 150 mindən çox şəxs aktiv məşğulluq tədbirlərinə cəlb edildi, o cümlədən 100 min işsiz və işaxtaran şəxs münasib işlərlə təmin olundu, 12,6 min nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində iqtisadiyyatın müxtəlif sahələri üzrə kiçik təsərrüfatlar, biznes sahələri yaradıldı. Peşə hazırlığı kurslarına 1014 nəfər, 37 660 şəxs isə peşəyönümü tədbirlərə cəlb olundular. Həmçinin 1300 nəfərə işsizlikdən sığorta ödənişi təyin edildi, pandemiya ilə əlaqədar dəstək istiqaməti kimi ödənişli ictimai işlərinin sayı 38 mindən 90 minə çatdırıldı.
2021-ci ildə aktiv məşğulluq proqramlarının daha da genişləndirilməsi bizim əsas hədəflərimizdən biridir. Eyni zamanda özünüməşğulluq proqramına bu il 16 min şəxsi cəlb etməyi nəzərdə tuturuq. Bu o deməkdir ki, özünüməşğulluq proqramının icrasına başlandığı 2017-ci illə muqayisədə bu proqram 2021-ci ildə 12,7 dəfə genişlənəcək. Cari ilin hədəflərindən biri də 3 min nəfər İSO (Keyfiyyət idarəetmə sistemləri üzrə) standartlarına uyğun mütəxəssis hazırlığını həyata keçirməkdir. Bu, işçi qüvvəsinin həmin standartlar əsasında rəqabət qabiliyyətinin artırılmasına mühüm dəstək olacaq.
Ötən dövrdə əməkhaqlarının artırılması, qeyri-rəsmi məşğulluğun leqallaşmasına yönələn stimullaşdırıcı tədbirlər, özəl sektorda yeni vergi-sığorta güzəştlərinin tətbiqi əmək münasibətlərinin leqallaşmasına və əməkhaqqı donunun artmasına müsbət təsirini göstərib. 2020-ci ildə də əmək müqavilələrinin sayı 150 min (10 faiz), əməkhaqqı fondu 12 faiz artıb. Ümumən son 3 ildə əmək müqavilələrinin sayında 30% və ya 400 minə yaxın, əməkhaqqı fondunda 81% artım özünü göstərib. Bu müsbət dinamikanın qorunub saxlanması da əsas hədəflərdəndir.
Əmək müfəttişliyi sahəsində əsas hədəf isə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən standartlaşdırma üzrə beynəlxalq təşkilat olan İSO təşkilatının (Beynəlxalq Standartlaşdırma Təşkilatı) antikorrupsiya siyasəti və korrupsiyaya qarşı fəaliyyət sertifikatının (İSO 37001) alınmasıdır. Ötən ildən artıq bu istiqamətdə işlər başlanıb və cari ildə yekunlaşdırılması nəzərdə tutulur.
Müsahibəni apardı:
Bəxtiyar ƏZİZLİ,
“Azərbaycan”