Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində görmə imkanı məhdud şəxslərin reabilitasiyası tədbirləri davam etdirilir.
Müəssisənin aidiyyəti şöbəsində həmin kateqoriyadan olan 5-29 yaşlı uşaq və gənclərə müəyyən edilmiş fərdi inkişaf proqramı əsasında tam və ya yarımstasionar şəraitdə reabilitasiya və abilitasiya xidmətləri göstərilir. Şöbə 4 mərtəbəli binadan ibarət olmaqla üzgüçülük hovuzundan, idman və akt zallarından, yataq, tibb və reabilitasiya otaqlarından, geniş həyətyanı sahədən ibarətdir. Hər reabilitasiya kursu 3 ay davam edir və bu müddətdə görmə imkanı məhdud uşaq və gənclər 10-a yaxın növdə reabilitasiya və abilitasiya xidmətləri ilə əhatə olunurlar.
Reabilitasiya kursuna cəlb olunmaq üçün görmə qabiliyyəti məhdud şəxslərin özləri, onların valideynləri və ya qohumları, digər qanuni nümayəndələri (qəyyum, himayəçi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə görmə qabiliyyəti məhdudluğu olan şəxsin razılığı ilə digər şəxslər Sosial Xidmətlər Agentliyinin filiallarına və ya "DOST" mərkəzlərinə ərizə ilə müraciət edirlər.
Ərizəyə əlavə olunur: Şəxsiyyət vəsiqəsinin surəti, sağlamlıq haqqında tibbi arayış (yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlığa dair məlumat göstərilməklə), sağlamlıq imkanları məhdudluğu və ya əlilliyi təsdiq edən TSEK qərarı, 3x4 ölçüdə 2 ədəd fotoşəkil.
Ərizənin daxil olduğu gündən 10 (on) iş günü müddətində şəxsin müəssisəyə qəbuluna olan tələbatı qiymətləndirilir, 5 (beş) iş günü müddətində isə müəssisəyə qəbuluna dair qərar qəbul edilir.
Bütün reabilitasiya xidmətləri dövlət vəsaiti hesabına göstərilir.