Məşğulluq sahəsində gender bərabərliyi mövzusunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İqtisadiyyat Nazirliyi, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin nümayəndələri ilə vətəndaş cəmiyyəti institutları arasında görüş keçirilib.
Görüşdə məşğulluq sahəsində bərabərsizliyin azaldılması, idarəetmədə qadınların təmsilçiliyi və işəalınma prosesində ayrı-seçkiliyin aradan qaldırılması əsas müzakirə mövzusu olub.
Əmək bazarında gender bərabərliyinin təmin olunması istiqamətində yaranan çətinliklər dilə gətirilərək preventiv tədbirlərin görülməsi labüdlüyü vurğulanıb.
Eyni zamanda BMT-nin müvafiq konvensiyalarında gender sahəsi ilə bağlı nəzərdə tutulan normativlərin tətbiqi məsələsinə də toxunulub.
Dünya təcrübəsində həyata keçirilən gender əsaslı tədbirlər müqayisə edilərək ayrı-seçkiliyin aradan qaldırılması məqsədilə ən mütərəqqi layihələrin tətbiq edilməsi və hərtərəfli maarifləndirmə işlərinin aparılması təklif olunub.