Qeyri-rəsmi məşğulluq işçinin hüquqlarını pozur, dövlət büdcəsi daxilolmalarına ciddi ziyan vurur

İşçi ilə qeyri-leqal əmək münasibətləri vergi və məcburi sığorta ödəmələrindən yayınmaq məqsədinə xidmət edir. Lakin belə hallar bir tərəfdən işçinin gələcək pensiya təminatını, bu və ya digər hallarda onun sosial müdafiəsini sual altında qoyur, digər tərəfdən dövlət büdcəsi daxilolmalarına ciddi ziyan vurur.
Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şirvan şəhərində təşkil etdiyi regional seminar-müşavirədə vurğulanıb. Tədbir Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın “Qeyri-rəsmi məşğulluğa qarşı məlumatlandırma və təbliğat işlərinin təşkili” bəndinin icrası ilə əlaqədar təsdiq edilmiş iş planına uyğun təşkil edilib.
Salyan, Neftçala, Hacıqabul və Şirvan rayonunda fəaliyyət göstərən işəgötürənlərin nümayəndələrinin iştirak etdiyi seminar-müşavirə “Əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları” və “Xidmət iqtisadi fəaliyyət sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularına aid olub.