“Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 fevral tarixli 1599 nömrəli Fərmanı ilə 1 noyabr, 2022-ci il tarixindən etibarən “Himayədar ailə” qayğı modeli ilə bağlı səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.
Himayədar ailə müxtəlif səbəblərdən valideyn himayəsindən məhrum olan, öz bioloji ailəsində qalması mümkün olmayan uşaqların qısa və ya uzun müddət ərzində dövlət nəzarəti altında, ödənişli əsaslarla, müqavilə əsasında ailə mühitində böyüməsini təmin edən ailə əsaslı alternativ qayğı növüdür. Himayədar ailə qayğı modelinin məqsədi valideyn himayəsindən məhrum olmuş uşaqların sosial xidmət müəssisələrində deyil, ailə mühitində böyüyüb tərbiyə almasının təmin edilməsidir. Bu modelin səciyyəvi xüsusiyyətləri aşağıdakılardır:
• ailə əsaslı alternativ qayğı növüdür;
• ödənişli xidmət növüdür;
• müvəqqəti xarakter daşıyır;
• uşaq ailənin varisi sayılmır.
Üstünlükləri isə bunlardır:
Valideyn himayəsindən məhrum olmuş uşaqların hər birinə:
• fərdi yanaşma;
• ailə mühitində yaşama imkanın verilməsi;
• fiziki, emosional, psixi-sosial inkişafına, cəmiyyətə inteqrasiyasına şərait yaradılması.
Himayədar valideynlər müqavilə əsasında onların yanına yerləşdirilmiş uşaqların qidalanmasını və təhsil almasını təmin edir, onların sağlamlığının, fiziki və əqli inkişafının qeydinə qalaraq ailə mühitində böyüməsinə şərait yaradır və buna görə dövlət tərəfindən müəyyənləşdirilən stimullaşdırıcı dəstək mexanizmlərindən istifadə edirlər.
Uşaqların xoşbəxt və qayğısız gələcəyi üçün onların qayğıya, müdafiəyə, sevgiyə ehtiyacı vardır. Bunların təmin edilməsi valideynlik bacarıqları və motivasiyası ilə bağlıdır. Bizim məqsədimiz himayədar ailələri müsahibədə düzgün qiymətləndirib uşağın mənafeyi baxımından daha uğurlu himayədar valideynlərin seçilməsi prosesini təşkil etməkdir.
"Himayədar ailə" qayğı modeli üzrə müraciət və xidmətlərin idarə edilməsi övladlığagötürmədə olduğu kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsistemi üzərindən həyata keçirilir. Himayədar ailə (himayədar valideyn) olmaq istəyən ailələrin (şəxslərin) və himayədar ailəyə verilmiş uşaqların vahid uçotu altsistem vasitəsilə elektron qaydada aparılır.
Himayədar ailə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar valideyn olmaq istəyən şəxs (şəxslər) arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilə əsasında yaranır.
Himayədar ailənin yaranması aşağıdakı 3 (üç) mərhələdə həyata keçirilir:
Qeyd 1. Nikahda olan şəxslərdən biri (ər-arvad) üçün aşağı yaş həddi 25, nikahda olmayanlar üçün 30 yaşdır.
Qeyd 2. Himayədar valideyn olmaq istəyən nikahda olmayan şəxslə (şəxslərlə) himayəyə verilən uşağın yaş fərqi 18-dən az olmamalıdır.
Himayədar ailə (himayədar valdeyn) olmaq istəyən şəxslər onunla birgə yaşayan 18 yaşdan yuxarı olan şəxslər ilə birlikdə istənilən notariat orqanına müraciət edir və himayədar ailə olma ilə bağlı ərizə yazır.
Notarial qaydada təsdiq edilən ərizə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə altsistemə ötürüldükdən sonra valideyn-namizəd tərəfindən himayədar ailə ilə bağlı müraciət etmək üçün Nazirliyin “e-sosial.az” internet portalında “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə altsistemi”ndə qeydiyyatdan keçməklə şəxsi kabinet yaradılır.
Şəxsi kabineti yaratmaq üçün istifadəçilər ASAN Loginə sahib olmalıdırlar. ASAN Login əldə etmək üçün lazımdır:
Şəxsi kabineti yaradaraq qeydiyyatdan keçən himayədar valideyn olmaq istəyən şəxs(lər) tərəfindən “Övladlığa götürməyə, himayədar ailə olmağa, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-cil 15 avqust tarixli 141 nömrəli Qərarı ilə müəyyən edilmiş xəstəliklərdən olub-olmamasına dair (psixiatrın rəyi də daxil olmaqla) valideyn-namizəd(lər)in (və onunla birgə eyni ünvanda yaşayan şəxsin) əyani tibbi müayinəsi əsasında əldə edilən sənədləri altsistemə daxil edirlər.
Valideyn-namizəd(lər) və onlarla birgə eyni ünvanda yaşayan şəxs(lər) tibbi müayinələrdən keçmək üçün ölkə üzrə müəyyən edilmiş tibb müəssisələrində müayinələrdən keçə bilərlər:
1. Bakı şəhər qeydiyyatında olan şəxslər - 5 nömrəli şəhər Poliklinikasında;
2. Digər şəhər/rayon qeydiyyatında olan valideyn-namizədlər Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasından əlavə olaraq TƏBİB tərəfindən ayrılmış aşağıdakı xəstəxanalara müraciət edə bilərlər;
3.Gəncə şəhər birləşmiş xəstəxanası PHŞ;
4.Lənkəran rayon mərkəzi xəstəxanası PHŞ;
5.Şəki rayon mərkəzi xəstəxanası PHŞ.
Himayədar ailələrə verilən uşaqların, habelə himayədar valideyn olmaq istəyən şəxslərin vahid uçotunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıda qeyd olunan dövlət orqanlarının (qurumlarının) və digər aidiyyəti qurumların informasiya sistemlərindən və ehtiyatlarından istifadə etməklə elektron qaydada aparır:
Qeyd 1: Sözügedən sənədlər aidiyyəti orqanların altsistemə inteqrasiya etdiyi məlumatlar əsasında əldə olunur.
Bu məlumatları informasiya sistemlərindən əldə etmək mümkün olmadıqda həmin sənədlərin təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında aidiyyəti orqandan tələb olunur və ya vətəndaş tərəfindən təmin olunur.
Himayədar ailəyə verilmənin uşağın mənafeyinə uyğunluğu Nazirlik tərəfindən aşağıdakı qaydada müəyyən edilir:
Himayədar ailəyə veriləcək uşaqlara görə müavinətlər:
• aylıq müavinətlər;
• birdəfəlik müavinət.
Aylıq müavinətlərin miqdarı:
Sağlam uşaqlar üçün:
• 0-6 yaş – 355 AZN;
• 7-13 yaş – 375 AZN;
• 14-18 yaş – 395 AZN.
18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar üçün:
• 0-6 yaş – 500 AZN;
• 7-13 yaş – 600 AZN;
• 14-18 yaş – 650 AZN.
Birdəfəlik müavinətin miqdarı:
İldə 4 dəfə (mart, iyun, sentyabr və dekabr aylarında) ödənilməklə - 200 AZN