ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

Beynəlxalq əməkdaşlıq

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən biri də əmək, məşğulluq, əmək bazarının tənzimlənməsi, əhali sakinliyi və demoqrafiya, əlillik və reabilitasiya, sosial təminat sahələri üzrə beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsidir. Bununla bağlı olaraq, Nazirlik müxtəlif ölkələrin aidiyyatı qurumları və mötəbər beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq həyata keçirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Belarus, Ukrayna, Türkmənistan, Gürcüstan, Moldova, Tacikistan, Almaniya, Macarıstan, Serbiya, Rumıniya, Monteneqro, İtaliya, Bolqarıstan, Latviya, İran, İraq, Sloveniya, Pakistan, Mərakeş, Malayziya, Səudiyyə Ərəbistanı,  Çin, Koreya, Yaponiya və digər ölkələrin aidiyyəti qurumları ilə ikitərəfli əməkdaşlıq əlaqələri qurulmuş və ardıcıl şəkildə inkişaf etdirilir. İndiyədək Nazirliyin fəaliyyət istiqamətləri çərçivəsində xarici ölkələrin aidiyyəti dövlət qurumları və beynəlxalq təşkilatlarla çox sayda hökumətlərarası və qurumlararası saziş, protokol, memorandum və əməkdaşlıq proqramları imzalanıb.

Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Beynəlxalq Əmək Təşkilatı (BƏT), Dünya Bankı (DB), Asiya İnkişaf Bankı (AİB), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Türk Dövlətləri Təşkilatı (TDT), Müstəqil Dövlətlər Birliyi (MDB) və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Bu əməkdaşlıq əmək, məşğulluq, əmək miqrasiyası, sosial müdafiə, əlilliyi olan şəxslərin reabilitasiyası və s. sahələrdə birgə layihələrin həyata keçirilməsi ilə müşahidə olunur və ölkəmizdə həmin sahələrin inkişafına öz töhfəsini verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, bu əməkdaşlıq çərçivəsində müvafiq sahələr üzrə qabaqcıl dünya praktikasının öyrənilməsi, təcrübə və məlumat mübadilələrinin aparılması istiqamətində işlər davam etdirilir.