Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan "LinkedIn" şirkətinin Avropa, Yaxın Şərq, Afrika və Latın Amerikası regionları üzrə dövlət sektoru və qeyri-kommersiya təşkilatları ilə satış üzrə rəhbəri Şeymus Klensi ilə görüş olub.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev son illər ölkəmizdə əmək və məşğulluq, sosial müdafiə sahələrində innovativ həllərin geniş tətbiqi məqsədilə aparılan islahatların uğurları barədə məlumat verib.
Rəqəmsal məşğulluq xidmətlərinin yaradılması və inkişaf etdirilməsi, rəqəmsal mexanizmlərin təkmilləşdirilməsi, işçi qüvvəsinin müasir əmək bazarının tələblərinə uyğun bacarıqlara yiyələnməsi, habelə şəffaf və tənzimlənən kanallarla xaricdə rəsmi və təhlükəsiz iş imkanlarına çıxışının dəstəklənməsi üçün görülən işlərdən bəhs olunub.
Görüşdə müxtəlif sahələr üzrə ixtisaslaşmış peşəkarları, işaxtaranları və işəgötürənləri bir platformada birləşdirən, peşəkar sosial şəbəkə olan “LinkedIn” platforması ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Əmək bazarının tələblərinə uyğun təlim və bacarıqların inkişafı proqramlarının hazırlanması, işçi qüvvəsinin bacarıqları və fəaliyyət sektorlar üzrə qlobal tələbatın öyrənilməsi, rəqəmsal əmək bazarı platformaları, işəgötürən brendinqi və iş uyğunlaşdırma texnologiyaları sahəsində ən yaxşı təcrübələr üzrə təlimlərin təşkili, yaxud bilik mübadiləsinin aparılması və s. üzrə əməkdaşlıq imkanları müzakirə olunub.