2020-ci ildə tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu doğma torpaqlarımızı Ermənistanın 30 ilədək davam edən işğalından azad etdi.
Bu böyük qələbənin siyasi müstəvidə də təsdiqini tapmasının nəticəsi olaraq Laçın rayonu 2020-ci il dekabrın 1-də Azərbaycan Silahlı Qüvvələrinə təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Laçının Zabux və Sus kəndləri Ordumuz tərəfindən nəzarətə götürüldü. Beləliklə, Laçının işğalına tamamilə son qoyuldu.
Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən hər il 26 Avqust – Laçın şəhəri günü kimi qeyd olunur.
İşğaldan azad edilmiş digər ərazilərimiz kimi, Laçına da həyat yenidən qayıdıb. Genişmiqyaslı bərpa-quruculuq işlərinin məkanına, abad və yaraşıqlı diyara çevrilən, öz doğma sakinlərinə qovuşan Laçın bu gün yeni inkişaf dövrünü yaşayır.