Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti Türkiyənin Ankara şəhərində səfərdə olublar. Səfər icbari tibbi sığorta sahəsində qardaş ölkənin təcrübəsinin yaxından öyrənilməsi məqsədi daşıyıb.
Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini Adnan Ertem nümayəndə heyəti ilə görüşüb. Görüşdə iki qardaş ölkə arasında möhkəm qardaşlıq və dostluq münasibətlərinin əmək və sosial müdafiə sahəsini də əhatə etdiyi vurğulanıb.
Bu sahədə əməkdaşlığın daim genişlənməsindən məmnunluq ifadə olunub, iki nazirlik arasında səmərəli təcrübə mübadilələrinin əhəmiyyəti qeyd edilib.
Nümayəndə heyəti ilə Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin Sosial Təminat Qurumunda da görüş olub. Qurumun Strategiya İnkişafı üzrə direktoru Yakup Koç sosial təminat sahəsində ikitərəfli əlaqələrin qarşılıqlı faydalı olduğunu bildirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İcbari tibbi sığorta siyasəti və tibbi-sosial ekspertiza şöbəsinin müdiri Sabir Qocayev ölkəmizdə icbari tibbi sığorta sahəsində aparılan islahatlar barədə məlumat verib.
O, islahatlar prosesində ilk növbədə qardaş ölkə olan Türkiyənin təcrübəsinin öyrənilməsinə xüsusi önəm verildiyini vurğulayıb.
İki gün davam edən səfər zamanı keçirilən görüşlərdə tibbi sığorta sahəsində metodoloji yanaşmalar, tibbi sığortanın əhatə dairəsi, xidmətlər, dərman təchizatı və tibbi sığorta sahəsində rəqəmsallaşdırma ilə bağlı müzakirələr və təcrübə mübadiləsi aparılıb.